REGİONLAR
RİNN-in Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının və şəhidlərin ailələrinin Şuşaya səfəri təşkil olunub








Bakı, 28 oktyabr, AZƏRTAC
Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhidlərin ailə üzvlərinin və nazirliyin qurumlarında çalışan qazilərin Şuşaya səfərini təşkil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin iştirakçıları arasında Şuşa əməliyyatında iştirak etmiş qazilər və şəhid olmuş döyüşçülərin valideynləri də yer alıb.
Səfər edənlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Şuşanın tarixi-mədəni abidələrini, Şuşa qalasını ziyarət ediblər.
Səfər müddətində müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, şəhidlərin yaxınları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən danışıblar.
Qeyd edək ki, Vətən müharibəsində RİNN-nin qurumlarında işləyən 210 nəfər iştirak edib. Onlardan 6-sı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.