ELM VƏ TƏHSİL
Robotlaşdırılmış protez ayaqlar
Bakı, 24 dekabr (AZƏRTAC). ABŞ-ın Vanderbilta Universitetində süni əzalara malik “bionik” protez ayaqlar hazırlanmışdır. Sahibinə axsamadan yeriməyə imkan verəcək protez dünyada motorlaşdırılmış diz və topuq oynaqları ilə təchiz olunan ilk qurğudur. Protez insanın hərəkətlərini izləyən ötürücülərlə təchiz olunmuşdur. İstifadəçinin istəyini qabaqcadan xəbər verən ötürücülər əsasında hazırlanmış mikroprosessorların köməyilə protez uyğun hərəkətləri yerinə yetirir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, ”Computerworld” jurnalının məlumatına görə, gündəlik istifadə üçün nəzərdə tutulmuş protez sayəsində insan daha asan yeriyə, otura və pilləkənlərlə enib qalxa biləcəkdir. Təcrübələr göstərir ki, passiv konstruksiyalarla müqayisədə bu protez yerimə zamanı istifadəçinin enerjisinə 30-40 faiz qənaət edir. Qurğunun çəkisi adi insan ayağının çəkisindən də az - 4 kiloqramdır. Protez qarşısına çıxan maneəni avtomatik olaraq müəyyənləşdirir, yuxarı qalxır və onun üzərindən adlayıb keçir.