DÜNYA
Roman Abramoviç yanvarda “Çelsi” komandası üçün 150 milyon funt sterlinq vəsait ayıracaqdır
Bakı, 27 dekabr (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç 2012-ci ilin yanvarında komandaya yeni futbolçular cəlb etmək məqsədilə 150 milyon funt sterlinq (179,5 milyon avro) vəsait ayıracaqdır. Abramoviç hesab edir ki, komandaya yeni oyunçuların cəlb edilməsi “Çelsi”nin İngiltərə çempionatının lideri “Mançester Siti” komandasını qabaqlamasına imkan yaradacaqdır.
“Çelsi”nin əsas məqsədi kimi, transfer bazarında, müvafiq olaraq, 50 milyon və 30 milyon funt sterlinq dəyərində qiymətlədirilən İtaliyanın “Napoli” klubunun futbolçuları Edinson Kavani və Marek Qamşikin adları çəkilir. Qeyd edək ki, 2012-ci ilin fevralında “Çelsi” və “Napoli” Çempionlar Liqasının 1/8 finalında görüşəcəklər.
Bundan başqa, “Çelsi”nin rəhbərliyi “Yuventus” klubunun futbolçusu, Serbiya yığmasının yarımmüdafiəçisi Miloş Krasiçlə də maraqlanır. Krasiçin London klubuna keçməsi 20 milyon funt sterlinqə başa gələ bilər. İngiltərə paytaxtının məşhur komandası 2012-ci ilin transfer dövründə öz heyətini daha bir neçə tanınmış futbolçu hesabına gücləndirmək istəyir.
Portuqaliyalı futbol mütəxəssisi Andre Villaş Boaşın rəhbərliyi altında fəaliyyət göstərdiyi bir il ərzində “Çelsi” İngiltərə Kuboku və İngiltərə Liqası Kuboku yarışlarını yarıda tərk etmişdir. Ölkə çempionatında dördüncüdür və birinci yerdə irəliləyən “Mançester Siti”dən 11 xal geridədir.