SİYASƏT
“Rossiyskaya qazeta” Azərbaycana ayrıca rubrika həsr etmişdir
![“Rossiyskaya qazeta” Azərbaycana ayrıca rubrika həsr etmişdir](/files/2013/3/1200x630/1407145157398559645_1200x630.jpg)
Bakı, 26 noyabr (AZƏRTAC). Rusiyadan baxanda Azərbaycanı necə görürlər? Bu iki ölkə bir-birinə nə verə bilər? Populyar “Rossiyskaya qazeta” nəşri bu suallara cavab axtarmışdır. Qəzet 22 noyabr tarixli nömrəsinin iki səhifəsini Azərbaycana həsr etmişdir.
AZƏRTAC xəbər verir ki, qəzetin bu nömrəsində Rusiya-Azərbaycan əlaqələri təhlil olunur, humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olması vurğulanır, iqtisadi sahədə qarşılıqlı əlaqələrin perspektivləri nəzərdən keçirilir.
“Şərqin qapısı” sərlövhəli məqalənin müəllifi Aleksandr Karavayev əminliklə bildirir ki, biz birlikdə həm Moskva üçün, həm də Bakı üçün məqbul qərarlar tapa bilərik. Rusiyalı jurnalistin fikrincə, müsəlman dünyasında humanitar və sosiomədəni dayaq axtarmaq, heç şübhəsiz, Rusiyanın xarici və daxili siyasəti üçün ən mühüm vəzifədir. Azərbaycanın siyasi mədəniyyəti Rusiya üçün özünün iki tərkib hissəsinə görə əhəmiyyətlidir. Birincisi, bu mədəniyyət Rusiya mədəniyyətinə münasibətdə xeyirxah mövqe tutur və onunla dialoqa hazırdır, ikincisi, Azərbaycan mədəniyyəti yeni ideyalar qavramağa yönəlmişdir. Müəllif yazır: “Bu, böyük dəyər və az istifadə edilən resursdur. Onu “ovlamaq” və ya məxsusi axtarmaq lazım deyil. Bakı Moskvanın təklifləri üçün həmişə açıqdır”.
A.Karavayevin fikrincə, Azərbaycan və Rusiya dini və etnik tolerantlığın tərbiyə edilməsi mövzusunda da söhbət edə bilərlər. O qeyd edir ki, Azərbaycanla tərəfdaşlıq postsovet Şərqindən olan miqrantların Rusiya cəmiyyətinə inkorporasiyası mexanizmlərinin hazırlanması üçün yeni ideyalar və zəmin yarada bilər, bu tərəfdaşlıq Rusiyanın islam dövlətlərinə münasibətdə xarici siyasətdə təşəbbüslərin qıtlığı probleminin həllinə kömək edə bilər.
Qəzetin bu nömrəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə müsahibə də dərc edilmişdir. Müsahibədə hərtərəfli və dərin humanitar qarşılıqlı əlaqələr, iqtisadi münasibətlərin müxtəlif aspektləri, miqrasiya siyasəti sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilir. Səfir Rusiya-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının bir sıra cəhətləri barədə söhbət açmışdır. Diplomat qeyd etmişdir ki, Azərbaycanda dini tolerantlıq siyasətini, rus mədəniyyətinə və pravoslav ənənələrinə hörmətlə yanaşılmasını təsdiq edən praktiki misallar çoxdur. Polad Bülbüloğlu Rusiyanın yeni miqrasiya siyasəti mövzusuna toxunaraq qeyd etmişdir ki, Bakı postsovet məkanında miqrasiya axınlarında qayda yaradılmasının zəruri olmasına şübhə etmir. O vurğulamışdır ki, postsovet məkanında insanlar arasında yaranmış münasibətlər, insani əlaqələr 1990-cı illərin əvvəlində yaradılmış müstəqil dövlətlərin özlərindən xeyli qədim tarixə malikdir.
Qəzetin bu nömrəsində yaxın vaxtlarda başa çatmış Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında ətraflı məlumat da dərc edilmişdir. Qeyd edilir ki, bu forum əvvəlcə humanitar qarşılıqlı əlaqələrə dair Azərbaycan-Rusiya forumu kimi yaranmışdır. Qəzetdə Azərbaycan Prezidenti İlham Əliyevin hər iki ölkə üçün proqram xarakterli aşağıdakı sözləri sitat gətirilir: “Ölkələrimiz arasında gələcək münasibətlərin əsasını, gələcək nəsillərin formalaşdıracağı, müstəqil Azərbaycan və müstəqil Rusiya şəraitində böyüyən və formalaşan nəsillərin münasibətlərinin əsasını əlbəttə, humanitar sahə təşkil edəcəkdir”.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar “Humanitar əlaqələr faktoru” sərlövhəli məqaləsində qeyd edir ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər çoxsaylı ayrıca və qarşılıqlı əlaqəli elementlərə malik olan sosial-iqtisadi əlaqələrin nəhəng bir kompleksidir. Müəllif vurğulayır ki, Azərbaycanda rus dilində 50 mətbu nəşr və 7 informasiya resursu, orta məktəblərdə rus bölmələri, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir.
Qəzetdə daha sonra qeyd edilir ki, Azərbaycanda rus dilində danışmağı öyrənmək arzusunda olanların sayı artır. Bu mövzu qəzetdə ayrıca bir məqalədə təhlil edilmişdir. Həmin məqalədə Azərbaycanda rus dili müsabiqələri keçirilməsi, ölkənin regionlarında bu dilin öyrənilməsi üzrə pulsuz kurslar təşkil edilməsi barədə məlumat verilir.
Qəzetin bu nömrəsində rusiyalı sərmayədarların Azərbaycan iqtisadiyyatının kapitallaşdırılmasına marağının artması da vurğulanır. Xüsusi qeyd edilir ki, nəqliyyat, energetika, kommunikasiya sahələrində və hərbi sahədə iqtisadi əməkdaşlıq uğurla davam edir. Azərbaycanın MDB ölkələri ilə ticarətinin bütün həcminin təqribən 45 faizi Rusiya ilə əmtəə dövriyyəsinin xüsusi çəkisini təşkil edir.