SİYASƏT
ROSTİSLAV RIBAKOV: PREZİDENT HEYDƏR ƏLİYEV TƏKCƏ AZƏRBAYCANIN SƏRHƏDLƏRİ İLƏ MƏHDUDLAŞMAYAN, BƏŞƏRİ ƏHƏMİYYƏT DAŞIYAN BİR PROSESİN TƏMƏLİNİ QOYMUŞDUR
Türkiyənin Antalya şəhərində “III Dialoq Avrasiya platformu” konfransı keçirilir. Konfransın növbəti iş günündə “Dialoq Avrasiya” beynəlxalq jurnalının gələcək strategiyası, bu məkanda yaşayan xalqları ən çox maraqlandıran mövzuların müəyyənləşdirilməsi, aktual, elmi müzakirələrin mətbuat səhifələrində öz əksini tapması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Yeni təşkilatın nizamnaməsi qəbul olunmuş, yeddi nəfərdən ibarət idarə heyətinə görkəmli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Anar, Muxtar Şaxanov, Harun Tokat, məşhur alimlər Rostislav Rıbakov və İlbər Ortaylı seçilmişlər.
AZƏRTAC-ın müxbiri iclas iştirakçılarından müsahibə almışdır. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Borisoviç Rıbakov demişdir:
- Belə bir konfransa və belə təşkilata böyük ehtiyac vardı. Müasir dövrdə qarşıdurmanın deyil, anlaşmanın, dialoqun, əmin-amanlığın əhəmiyyəti vurğulanmalıdır. Gənc nəsillərin şüurunda dözümsüzlük, münaqişə toxumları deyil, barışıq toxumları səpilməlidir. Bütün dünyada qloballaşma prosesi gedir. Bu proses bir çox xalqın mədəniyyətinə, mənəviyyatına, əxlaqına təsir göstərir. Son zamanlar bəzən basmagəlib, bayağı kütləvi məhsullar - cürbəcür musiqi, kitablar, kinofilmlər, televiziya proqramları mədəniyyət əsərləri kimi qələmə verilir, həqiqi milli mədəniyyət sərvətləri az qala unudulur. Bu, hamımızı düşündürən çox vacib məsələdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatla xalqa müraciətini öyrəndim. Bu, dövlət başçısının xalqı ilə vəhdət təşkil etdiyinə, digər ölkələrin rəhbərlərinə nümunə ola biləcəyinə əyani sübutdur. Milli mənəviyyatın, mədəni dəyərlərin qorunması yalnız ziyalıların və ya hər hansı bir sosial zümrənin vəzifəsi olmamalıdır. Bu işdə, bu prosesdə hamının iştirakı əhəmiyyətlidir. Prezident Heydər Əliyev yalnız Azərbaycanın sərhədləri ilə məhdudlaşmayan, bəşəri əhəmiyyət daşıyan bir prosesin təməlini qoymuşdur.
2004-cü ildə Rusiyada beynəlxalq şərqşünaslıq konfransı keçiriləcəkdir. AZƏRTAC-ın mənə verdiyi bu fürsətdən istifadə edərək, azərbaycanlı həmkarlarımı salamlayır, onların konfransda fəal iştirakını arzulayır, elmi əlaqələrimizin bərpasına çağırıram. Aramızda daha sıx münasibətlərin qurulması zamanın tələbidir.
Digər müsahibimiz, tanınmış şair, Qazaxıstanın Qırgızıstandakı səfiri Muxtar Şaxanov da Prezident Heydər Əliyevin məlum bəyanatını yüksək qiymətləndirdi və 1996-cı ildə Bakıda Səməd Vurğunun yubileyi günlərində Prezidentimizlə səmimi görüşləri haqqında xatirələrini dilə gətirdi, ölkəmizin başçısının milli mədəniyyətimizə, ədəbiyyat və incəsənətimizə göstərdiyi daimi qayğını xüsusi vurğuladı.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya