İDMAN
Rövşən Həsənov: Azərbaycanda MMA üzrə daha böyük yarışlar keçiriləcək
Bakı, 18 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 16-17-də Bakıda qarışıq döyüş növləri (MMA) üzrə açıq Avropa çempionatı keçirilib.
Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov çempionatın nəticələrini yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, Rövşən Həsənov bu barədə fikirlərini bölüşərək deyib: “Qitə birinciliyi MMA üzrə ölkəmizdə keçirilən ən böyük yarış oldu. Biz Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) etimadını doğrultmağa çalışdıq. WMMAA-nın prezidenti Vadim Finkelşteyn, MMA-nın canlı əfsanəsi Fyodr Yemelyanenko təşkilatçılığı yüksək qiymətləndirdilər. Bizə bu yarışı keçirməkdə dəstək olan gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istərdim. Millimiz dörd medal qazanmaqla komanda hesabında ikinci yeri tutdu”.
İdmançılarımızın Avropa çempionatında çıxışlarından danışan Azərbaycan MMA Liqasının fəxri prezidenti bu baxımdan Avropa çempionu Zaur Hacıbabayevin qələbəsini xüsusi qeyd edib. Zaur Hacıbabayev bu il dünya çempionu olub. Asiya birinciliyinin qalibi, Dünya Kubokunun sahibi olub. Kolleksiyasında yalnız qitə çempionluğu yox idi. Həmin titulu da Bakıda qazandı. Eyni zamanda, Taleh Nəcəfzadə fədakarlıq nümayiş etdirdi. O, yarımfinalda zədələnsə də, finalda sona qədər yarışdı. Halbuki zədə olmasaydı, T.Nəcəfzadə qızıl medal qazana bilərdi.
Rövşən Həsənov MMA üzrə dəfələrlə dünya və Avropa çempionu Fyodr Yemelyanenkonun Bakıya səfərindən xoş təəssüratla ayrıldığını bildirərək deyib: “Fyodr Yemelyanenko MMA-nın canlı əfsanəsidir. Onun çox sıx iş qrafiki var və hər yarışda iştirak etmək imkanı olmur. Bununla belə, dəvətimizi qəbul edərək ölkəmizə gəldi, iki gün bizimlə birgə yarışları izlədi. Fyodr Yemelyanenko Bakının gözəlliyinə valeh oldu. Biz onunla birgə Dövlət Bayrağı Meydanında, İçərişəhərdə olduq. Avropa çempionatı zamanı qonağımıza azarkeşlər və media tərəfindən də böyük diqqət göstərildi. Ona görə Fyodr Yemelyanenkonun gələcəkdə də ölkəmizə səfərləri olacaq. Onunla birgə yeni idman layihələrini həyata keçirəcəyik. Gələcəkdə Azərbaycanda MMA üzrə daha böyük yarışlar keçiriləcək.