İQTİSADİYYAT
Rumıniyanın “İqtisadiyyat və Marketinq” jurnalında Azərbaycanın bu ölkə ilə əməkdaşlığına dair məqalə yayımlanıb
Buxarest, 9 oktyabr, AZƏRTAC
Rumıniyanın “İqtisadiyyat və Marketinq” jurnalında Azərbaycanın səfiri Hüseyn Nəcəfovun ölkələrimiz arasında münasibətlərin inkişafından bəhs edən məqaləsi dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan-Rumıniya əməkdaşlığından, iki ölkə arasındakı strateji tərəfdaşlıqdan, əlaqələrin inkişaf perspektivlərindən və xalqlarımızın mehriban dostluq münasibətlərindən bəhs edilib. Yazıda münasibətlərimizin daim yüksələn xətt üzrə inkişaf etməsinin məmnunluq doğurduğunu bildirən səfir dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində dostluğumuzun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bu sahədə imzalanmış sənədlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Avropa İttifaqına üzv ölkələrdən ilk dəfə məhz Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb. Həmin sənəd 2009-cu ildə imzalanıb.
Məqalədə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığından bəhs olunub. BMT, ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycanın və Rumıniyanın hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirdiyi vurğulanıb. Rumıniyanın xüsusən də regionda mövcud olan münaqişələrlə bağlı prinsipial mövqeyinin Azərbaycanda yüksək qiymətləndirildiyi bildirilib. Ermənistanın təcavüzkarlığına qarşı Azərbaycanın haqlı mövqeyinin, həmçinin ölkəmizin ərazi bütövlüyünün Rumıniya tərəfindən daim beynəlxalq təşkilatlarda və ikitərəfli münasibətlərdə dəstəkləndiyi məmnunluqla ifadə edilib.
Diplomat məqalədə dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinə toxunaraq, rəsmi səfərlər çərçivəsində Rumıniya-Azərbaycan sənədlərinin imzalanması barədə məlumat verib. Təhsil, mədəniyyət və idman, eləcə də iqtisadi və elmi-texniki əməkdaşlıq sahələrində əməkdaşlığa zəmin yarada biləcək sazişlərin Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına müsbət təsirindən söz açılıb.
Rumın və Azərbaycan xalqları arasında tarixi əlaqələrin mövcud olduğuna diqqət çəkən səfir bu əlaqələrin bütün sahələrdə uğurla davam etdiyini vurğulayıb. Həmçinin bildirilib ki, iki ölkə arasında artan ticarət dövriyyəsi iqtisadi əlaqələrimizə mühüm təsir göstərib. Buna misal olaraq, SOCAR ilə “Romqaz” arasında qaz tədarükünə dair sazişin imzalanması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək sualtı elektrik kabelinin çəkilməsi ilə bağlı razılıq, yaşıl enerji layihələri göstərilib.
Qeyd olunub ki, Azərbaycanın və Rumıniyanın energetika sahəsindəki əməkdaşlığı təkcə iki ölkənin yox, bütövlükdə dünyanın gündəmində mühüm yer tutur. Azərbaycan hasil etdiyi qazı Rumıniyanın tranzit imkanlarından istifadə edərək Avropa məkanında yeni ünvanlara çatdıracaq. Azərbaycan-Rumıniya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir. İki ölkənin neft və qaz sahəsində əməkdaşlığından əlavə yaşıl enerji ilə bağlı atılan addımlar Avropanın enerji təhlükəsizliyi üçün yeni impulsdur.
Buxarest