SİYASƏT
Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasının üzvü olmuşdur
Moskva, 20 iyul (AZƏRTAC). Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasının üzvü olmuşdur.
Elm, Texnologiyalar və Təhsil Şurası Rusiya Prezidenti yanında məsləhət orqanı olub, elm, texnologiyalar və təhsil sahəsində vəziyyət, onun elmi qurumlar və təhsil müəssisələri, elm və təhsil xadimləri ilə qarşılıqlı əlaqələri barədə dövlətin başçısını məlumatlandırmaq, dövlət elm-texnika və innovasiya siyasətinin, təhsil sahəsində dövlət siyasətinin aktual məsələlərinə dair RF Prezidenti üçün təkliflər hazırlamaq məqsədi ilə yaradılmışdır.
Şura RF-nin elm və texnologiyalar sahəsində Dövlət mükafatlarına, habelə gənc alimlərin elm və innovasiyalar sahəsində RF Prezidenti mükafatlarına təqdimatların qəbulunu və ekspertizasını təşkil edir, həmin mükafatların verilməsinə dair məsələləri müzakirə edir və müvafiq təklifləri Rusiya Prezidentinə təqdim edir.
Yefim Pivovar 1949-cu il dekabrın 15-də Moskvada anadan olmuşdur. O, tarix elmləri doktoru (1987-ci il), professor (1089-cu il), RDHU-nun rektoru (2006-cı ildən), RDHU postsovet xarici ölkələr kafedrasının müdiri, M.V.Lomonosov adına MDU-nun yaxın xarici ölkələrin tarixi kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2008-ci ildən), RDHU Elmi Şurasının sədri, universitetin tarix elmləri üzrə Dissertasiya Şurasının sədridir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva