Rusiya Azərbaycan Gənclər Birliyi Moskvada “Breyn-rinq” intellektual turniri keçirib
Moskva, 10 aprel, AZƏRTAC
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Breyn-rinq” intellektual turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Moskvanın nüfuzlu ali məktəblərinin tələbələrinin təmsil olunduğu 18 komanda turnirdə biliklərini sınayıb. 150-dən çox tələbənin iştirak etdiyi turnirdə O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin komandası birinci yerə sahib olub. İkinci yeri isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası tutub.
Tədbirdə çıxış edən MDBMİ-nin prorektoru İqor Loginov rektor Anatoli Torkunovun təbriklərini turnir iştirakçılarına çatdırıb. O deyib ki, Azərbaycandan gəlmiş 80-dən çox tələbə MDBMİ-də təhsil alır. Əminik ki, bu gözəl ənənə uzun illər davam edəcək.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, Azərbaycanda gənclərə xüsusi qayğı göstərilir, onların xaricdə təhsil alması üçün proqram qəbul olunub. Mən çox şadam ki, bu intellektual turnir burada keçirilir.
Azərbaycanda aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini xatırladan səfir MDBMİ-də və Rusiyanın digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarını ölkəmizin Rusiyadakı səfirliyində açılan seçki məntəqəsinə gəlməyə və səsvermədə iştirak etməyə çağırıb: “Əminəm ki, Azərbaycan xalqı öz doğru seçimini edəcək. Bizim üçün çox önəmlidir ki, gənclər bu seçkilərdə iştirak etsinlər, çünki gələcək gənclərin əlindədir”.
Sonda çıxış edən RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev turnirin təşkilində verdiyi dəstəyə görə bu təhsil ocağının rəhbərliyinə təşəkkürünü bildirib. Beş il bundan öncə MDBMİ məzunlarının ilk forumunun məhz Bakıda keçirildiyini xatırladan E.Hacıyev bu ali məktəblə ölkəmiz arasında sıx əlaqələrin olduğunu söyləyib.
Turnir çərçivəsində Rusiyada yaşayan, təhsil alan Azərbaycan gəncləri adından müraciət qəbul olunub.
Müraciətdə 2018-ci il aprelin 11-nin yaşadığı ölkədən asılı olmayaraq bütün azərbaycanlılar üçün vacib tarix olduğu vurğulanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva