RUSİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BİRMƏNALI ŞƏKİLDƏ DƏSTƏKLƏYİR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin stats-katibi, nazir müavini Qriqori Karasinlə görüşmüşdür.
Görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək sürətlə inkişafından məmnunluq ifadə olunmuş, 2007-ci ildə ticarət dövriyyəsinin 1,5 milyard dollara yüksəlməsi xüsusi qeyd edilmiş, delimitasiya məsələləri üzrə ekspertlərin görüşlərində əldə olunmuş irəliləyiş, o cümlədən Xəzər dənizinin statusu üzrə işçi qrupları arasında məsləhətləşmələrin keçirilməsinin səmərəliliyi vurğulanmışdır.
Dondurulmuş münaqişələrə toxunan Q.Karasin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həlli prosesinin davam etdirilməsinin tərəfdarı olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov münaqişə tərəfləri arasında mövcud status-kvonun qəbuledilməz olduğunu, münaqişənin yalnız ərazi bütövlüyü əsasında həllinin mümkünlüyü və bu həllin regionda sabitliyə və etimadlı qonşuluq münasibətlərinin yaranmasına töhfə verəcəyini diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran mövzular, o cümlədən hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, bir sıra razılaşdırılmış sənədlərin yüksək dövlət rəsmilərinin səfərləri zamanı imzalanması, diplomatik akademiyalar arasında əməkdaşlıq, tələbə mübadiləsi və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinin məqsədəmüvafiqliyi vurğulanmışdır.