RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
RF Dövlət Dumasının sədri bildirdi ki, Bakıda müşahidə etdiyi dəyişikliklər, genişmiqyaslı tikinti işləri və şəhər sakinlərinin çöhrəsindəki nikbinlik ona çox böyük təsir bağışlamışdır. O, şəxiyyətlərarası təmaslardan tutmuş dövlətlərarası və parlamentlərarası əlaqələrə qədər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini vurğuladı.
Qonaq dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri və Baş nazirlə görüşləri zamanı ikitərəfli münasibətlərin bütün spektri müzakirə edilmiş, istər dünyada baş verən proseslərə, istərsə də Azərbaycan-Rusiya əlaqələrinin inkişaf perspektivlərinə baxışların oxşar olması qeyd edilmişdir.
Boris Qrızlov iki ölkə arasında iqtisadi əlaqələrdən bəhs edərək bildirdi ki, tərəflər çoxsaylı layihələrin həyata keçirilməsində iştirak edirlər. Bu layihələr arasında Şimal-Cənub dəmiryol xətti layihəsi xüsusi yer tutur. Volqa-Don kanalının ikinci qolunun tikintisi məsələsi də müzakirə olunmuş və qeyd edilmişdir ki, kanalın bu qolu Azərbaycan gəmilərinin Qara dənizə və oradan dünya okeanına sərbəst çıxışını təmin edəcəkdir.
Boris Qrızlov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın rolundan danışarkən vurğuladı ki, onun ölkəsinin mövqeyi dəyişməzdir. Rusiya əldə edilmiş razılaşmaların təminatçısı ola bilər. Tərəflər öz aralarında razılığa gəlməlidir, kənardan onlara heç kəsin iradəsi zorla qəbul etdirilməməlidir. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya isə tərəflərin qəbul edəcəyi qərarların icrasına təminat verəcəkdir.
######
