RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİN PREZİDENT HEYDƏR ƏLİYEV İLƏ VİDALAŞMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini yada salaraq demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün keçmiş ittifaq miqyasında tanınmış şəxsiyyət idi. Onun barəsində müxtəlif fikirlər var idi, amma mən şəxsən onunla tanış olduqdan və birgə işlədikdən sonra Heydər Əliyevə münasibətim yaxşılığa doğru kökündən dəyişdi. Başa düşdüm ki, o, çox inanılmış, ağıllı, dəqiq, bacarıqlı rəhbər, əsl siyasətçi idi. Heydər Əliyevin miqyası Azərbaycanın hüdudlarından kənara çıxmışdı. Açıq deyim, Azərbaycanın bəxti gətirmişdir ki, dövlətin başında Avropa və dünya miqyasında tanınan bir siyasətçi dururdu. O, bir tərəfdən beynəlmiləlçi, digər tərəfdən isə, öz yurdunun vətənpərvəri idi. Heydər Əliyev həm də Rusiyanın dostu idi. Bu böyük insanın vəfatı onu tanıyanların hamısını, o cümlədən şəxsən məni çox kədərləndirmişdir. Onunla şəxsi, çox səmimi münasibətlərimiz var idi. Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
X X X
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vidalaşma mərasimində iştirak etdikdən sonra həmin gün vətənə qayıtmışdır.