RUSİYA HÖKUMƏTİ 2004-CÜ İLİN FEDERAL BÜDCƏSİNİ TƏSDİQ ETMİŞDİR
Layihədə gələn ilin federal büdcəsinin mədaxili 2,74 trilyon rubl, məxarici 2,66 trilyon rubl məbləğində nəzərdə tutulmuşdur. Büdcə layihəsinin əsas maddələrini müdafiə, təhlükəsizliyin təmin olunması və sosial siyasət üçün xərclər təşkil edir. Məsələn, Silahlı Qüvvələrin inkişafına 411,6 milyard rubl ayrılacaqdır ki, bu da xərclərin ümumi həcminin 15,5 faizinə bərabərdir. Hərbi islahatlar aparılmasına isə 7,2 milyard rubl ayrılacaqdır. Gələn il Rusiya dövlət borcunun ödənilməsinə 288,8 milyard rubl sərf edəcəkdir. Bu xərclərin əksər hissəsi – 223,2 milyardı xarici borcların qaytarılmasına yönəldiləcəkdir. Kosmik proqramların maliyyələşdirilməsinə çəkilən xərclər üç milyard rubl artırılacaqdır. Çünki Amerikanın dəfələrlə istifadə olunan “Kolumbiya” kosmik gəmisində qəza baş verdiyindən Beynəlxalq kosmik stansiyanın fəaliyyətini təmin etmək üçün əsas ağırlıq Rusiyanın üzərinə düşür.
V.Volodin bildirmişdir ki, avqustun 26-da büdcə layihəsi Dövlət Dumasına veriləcəkdir. Duma ona sentyabrın 19-da birinci oxunuşda baxacaqdır.