SİYASƏT
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkilərinə hazırlığın gedişi barədə aralıq hesabatını tənqid etmişdir
Moskva, 3 oktyabr (AZƏRTAC). Rusiya Federasiyası (RF) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Valeri Çurovun rəhbərliyi ilə nümayəndə heyəti ATƏT-in insan hüquqları sahəsində öhdəliklərin yerinə yetirilməsinə dair Varşavada keçirilən iclasında iştirak edir.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Valeri Çurov tədbirin xülasə müşavirəsində çıxış etmişdir.
Rusiya MSK-nın sədri çıxışında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) fəaliyyətinə toxunaraq, qurumun nümayəndələrinin bu ilin yayında Azərbaycanda prezident seçkilərinə hazırlığın gedişini qiymətləndirməsinə münasibət bildirmişdir. V.Çurov demişdir: “Xatırlatmaq istəyirəm ki, DTİHB-nin nümayəndələri o vaxt respublikada vəziyyəti obyektiv qiymətləndirmək üçün özlərinə əziyyət vermədən, növbəti dəfə MDB ölkələri üçün standart qərar çıxarır - orada hər şey pisdir və buna görə də oraya mümkün olan maksimal müddətə genişmiqyaslı missiya göndərilməlidir. Məlum olduğu kimi, Azərbaycanın rəsmi hakimiyyətinin bu cür qiymətləndirməni izah etmək tələbinə DTİHB hələ də cavab verməmişdir. DTİHB sükutu pozmadan, Azərbaycana təxminən 300 nəfərdən ibarət missiya göndərir”.
V.Çurov demişdir ki, ATƏT DTİHB-nin monitorinq missiyasının 2013-cü il sentyabrın 12-də yayılmış aralıq hesabatında Azərbaycan prezidenti vəzifəsinə namizədlər qarşısında ali təhsilli olmaları və Azərbaycanda azı 10 il yaşamaları ilə bağlı qoyulan tələbin lüzumsuz hesab edilməsi düzgün deyildir. Halbuki digər ölkələrdə prezidentliyə namizədlərdən doğulandan həmin ölkədə yaşamaları tələb olunur. V.Çurov bildirmişdir: “Eyni zamanda, Almaniyada bu ilin sentyabrında keçirilən seçkiləri cəmi iki nəfər müşahidə edirdi. Bu cür müqayisələr üçün nümunələr çoxdur”.
Rusiya nümayəndə heyətinin rəhbəri demişdir ki, məgər inkişaf etmiş demokratik ölkələrdə seçkilər zamanı nöqsanlar olmur? Bəs niyə bu barədə susursunuz?!
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva