İDMAN
Rusiya voleybol yığmasının baş məşqçisi: “Bakı-2015” ilk Avropa Oyunlarının çox böyük gələcəyi var
![Rusiya voleybol yığmasının baş məşqçisi: “Bakı-2015” ilk Avropa Oyunlarının çox böyük gələcəyi var](/files/2015/2/1200x630/14346207913648514271_1200x630.jpg)
Bakı, 18 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, bu yarışların çox böyük gələcəyi var. Mən buna tam əminəm. Çünki Azərbaycan bu oyunların çox gözəl standartlarını yaradıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyasının kişilərdən ibarət voleybol yığmasının baş məşqçisi Sergey Şlyapnikov deyib.
Baş məşqçi bildirib ki, Rusiya komandasının oynadığı “B” qrupundakı komandaların hamısı çox güclüdür. Bizim üçün hansı rəqiblə oyun gözlənilirsə, o daha güclüdür. Bu dəfə komandamız Bolqarıstan yığması ilə qarşılaşacaq.
Azərbaycan haqqında fikirlərini bölüşən S.Şlyapnikov qeyd edib ki, Bakıda onları çox yaxşı qarşılayıblar, Azərbaycan xalqı çox qonaqpərvərdir. Məşqçi deyib: “Çox sevindiricidir ki, zalda azarkeşlər komandaları daim dəstəkləyir və yığmamız özünü heç də xaricdəki kimi hiss etmir”.
Qeyd edək ki, iyunun 18-də Rusiya və Slovakiya komandaları arasında oyun 3:1 hesabı ilə rusiyalıların xeyrinə nəticələnib (26:24, 25:17; 25:18; 25:20)
Bundan əvvəl keçirilmiş Rusiya-Belçika və Rusiya-Almaniya oyunlarında da rusiyalılar qalib olublar (3:0; 3:1).