İQTİSADİYYAT
Rusiyada beynəlxalq bankların filialları olmayacaqdır
Bakı, 26 dekabr (AZƏRTAC). Rusiya Maliyyə Nazirliyi bu ölkədə xarici bankların filiallarının açılmasını qadağan edən qanun layihəsi hazırlayıb öz saytında yerləşdirmişdir.
Sənəd 2015-ci ilədək olan dövr üçün Rusiya bank sektorunun inkişaf strategiyası çərçivəsində hazırlanmışdır və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına - ÜTT-yə qəbul olunmasına dair məsləhətləşmələr zamanı Rusiyanın danışıqlarda iştirak etmiş nümayəndələri tərəfindən əldə olunmuş razılaşmaları təsbit edir. Nazirlik qanun layihəsinə dair ekspert rəylərini qəbul edir.
Qüvvədə olan qanunvericilikdə Rusiyanın bank sistemində xarici kapitalın iştirakının məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhdudiyyət Rusiya hökumətinin təklifi ilə müəyyən edilmiş və Rusiya Bankı ilə razılaşdırılmışdır. Rusiya qanunlarına görə, ölkənin ərazisində törəmə banklar, xarici bankların nümayəndəlikləri işləyə bilər.
Xatırladırıq ki, hazırda Rusiyada Azərbaycan Beynəlxalq Bankının törəmə bankı (Azərbaycan Beynəlxalq Bankı - Moskva) fəaliyyət göstərir.