DÜNYA
Rusiyada dolların məzənnəsi 57 rubla yüksəlib
![Rusiyada dolların məzənnəsi 57 rubla yüksəlib](/files/2014/3/1200x630/14183833245214727025_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Moskva birjasında dollar rubla nisbətdə 41 qəpik bahalaşaraq 56,85 rubla qalxsa da, avro 60 qəpik ucuzlaşaraq 70,5 rubla enib. Halbuki birjanın açılması ilə dolların məzənnəsi 57, avronun məzənnəsi isə 71 rubla qədər bahalaşmışdı.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rublun qiymətdən düşməsi neftin sürətli ucuzlaşması fonunda baş verir. Belə ki, bu gün səhərdən etibarən Londondakı interkontinental birjada Brent markalı neftin barrelinin qiyməti 0,25 faiz ucuzlaşaraq 63,52 dollara, WTI markalı neftin barrelinin qiyməti isə 0,8 faiz ucuzlaşaraq 59,47 dollara qədər enib.
Rusiyanın Mərkəzi bankının başçısı Elvira Nabiullina neftin hazırkı qiymətləri şəraitində rublun düzgün qiymətləndirilmədiyini, valyutaya spekulyativ tələbatın isə milli valyutanı əlavə olaraq 8-0 faiz zəiflətdiyini bildirib.
Bir qədər əvvəl Rusiyanın Baş naziri Dimitri Medvedyev rublun yenidən qiymətləndiriləcəyini desə də, bunun nə vaxt baş verəcəyini açıqlamayıb. Baş nazir rublun məzənnəsinə neftin qiymətləri ilə yanaşı, Qərbin sanksiyalarının da təsir göstərdiyini etiraf edib.
Hökumət başçısının sözlərinə görə rublun kursunun uzunmüddətli zəifləməsi Rusiya iqtisadiyyatı üçün sərfəli deyil.