SİYASƏT
Rusiyalı tarixçilər azərbaycanlı jurnalistlərlə görüşmüşlər
Bakı, 17 fevral (AZƏRTAC). Biz müştərək tariximizi öyrənməklə humanitar, mədəni, tarixi əlaqələrimizi nəinki qoruyub saxlayır, həm də bu əlaqələri möhkəmləndiririk. Bakıda və Moskvada keçirilməsi planlaşdırılan tədbirlər Azərbaycanın və Rusiyanın ortaq tarixində əlamətdar hadisələrə həsr edilmişdir.
M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini Aleksey Vlasov bu fikri “Rusiya tarixi ili” çərçivəsində fevralın 17-də “RİA-Novosti” informasiya agentliyinin Bakıdakı mətbuat mərkəzində azərbaycanlı jurnalistlərin rusiyalı tarixçilərlə görüşündə söyləmişdir.
“Rusiya tarixi ili” ilə əlaqədar Azərbaycanda silsilə tədbirlərdən biri olan bu görüşün təşkilatçıları M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi, Heydər Əliyev Fondu və “Vestnik Kavkaza” informasiya-analitik agentliyidir.
Aleksey Vlasov qeyd etmişdir ki, Bakıda keçirilən bu tədbirlərin məqsədi Azərbaycan və Rusiya tarixçilərinin iki ölkənin ortaq tarixinin öyrənilməsinə yönəlmiş səylərini birləşdirmək, Azərbaycan ilə Rusiya arasında mövcud ümumi elmi tarixi məkanın qorunub saxlanması yollarını axtarıb tapmaqdır.
A.Vlasov bildirmişdir ki, “Rusiya tarixi ili” çərçivəsində Bakıda gənc tarixçilərin konfransını keçirmək planlaşdırılır. “Birgə silsilə tədbirlər 2012-2013-cü illər üçün nəzərdə tutulur. Gələn il Azərbaycan tarixində əlamətdar hadisəyə - Heydər Əliyevin yubileyinə həsr edilmiş konfrans təşkil edilməsi nəzərdə tutulur. Bu konfrans həm Bakıda, həm də Moskvada keçiriləcəkdir”, - deyən tarixçi alim qeyd etmişdir ki, həmin konfransda Heydər Əliyevin Moskvada işlədiyi dövrə xüsusi diqqət yetiriləcəkdir. O demişdir: “Konfrans münasibətilə rusiyalı müəlliflərin Siyasi Büronun sənədlərinə, Heydər Əliyevlə birgə işləmiş adamların xatirələrinə, tarixi mənbələrə əsaslanaraq yazdığı elmi məqalələr toplusu nəşr ediləcəkdir”.
A.Vlasov daha sonra demişdir ki, yaxın vaxtlarda Bakıda Azərbaycan -Rusiya əlaqələrinin müxtəlif aspektlərinə həsr edilmiş elmi əsərlərin təqdimatını keçirmək planlaşdırılır.
MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev qeyd etmişdir ki, son iyirmi ildə qəribə meyl yaranmışdır: peşəkar tarixçi olmayan şəxslər tarixi mövzularda daha çox yazmağa başlamışlar. O demişdir: “Bu cür görüşlərin məqsədi Azərbaycan və Rusiya tarixçilərinin səyləri ilə elmi cəhətdən mükəmməl işlər hazırlamaqdır”.
İ.Ağakişiyev bu tədbirlər çərçivəsində və Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar, tarixçilərin bu faciəyə münasibətlərini bildirəcəyini vurğulayaraq demişdir: “Hesab edirik ki, bu faciə haqqında həqiqəti daha çox insanın bilməsi vacibdir. İfrat millətçiliyin nə kimi nəticələrə gətirib çıxara biləcəyini göstərmək lazımdır. Gələcəkdə belə halların heç yerdə təkrarlanmaması üçün bu barədə uca səslə danışmaq lazımdır”.