SİYASƏT
Rusiyanın Azərbaycan diasporu Fransa Senatının qərarını pisləyir
Moskva, 24 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) növbəti iclası keçirilmişdir. Başa çatmaqda olan ilin yekunlarına və 2012-ci il üçün perspektiv planlara həsr edilmiş iclasda ÜAK-ın 50-yə yaxın regional bölməsinin rəhbərləri iştirak etmişdir. Burada Konqresin işinin bütün istiqamətlərinin inkişafı, habelə regional xarakterli məsələlərə toxunulmuşdur.
İclasda Fransa Milli Assambleyasının aşağı palatası (Senat) tərəfindən qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutulan qanun layihəsi qəbul edilməsi məsələsinə də baxılmışdır. ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, Rusiyada yaşayan Azərbaycan diasporunun, həmçinin konqresin rəyasət heyəti üzvlərinin ümumi fikrinə görə bu qanun layihəsi kəskin pislənməyə layiqdir və haqlı protestə səbəb olur. O demişdir ki, Fransa senatı tərəfindən qəbul edilmiş qanun layihəsi Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz azadlığı və fikir plüralizmi kimi beynəlxalq prinsiplərin təmin edilməsi baxımından qəbuledilməzdir. Azərbaycan diasporu dərin təəssüf hissi ilə onu da qeyd edir ki, belə bir qanun layihəsini qəbul etmiş ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Qanun layihəsi bu məsələdə Fransanın qərəzsizliyinə şübhə doğurur. Kədərli haldır ki, Fransa Milli Assambleyası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində öz torpağında məcburi köçkünlərə çevrilmiş yüz minlərlə azərbaycanlıya münasibətdə etnik təmizləməyə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmasına göz yumur. Ermənilər tərəfindən bəşəriyyətə qarşı törədilmiş ən hiddətləndirici cinayətlərdən biri olan Xocalı faciəsinə isə hələ də lazımi qiymət verilməmişdir. O demişdir: “Bu hadisələr bizi dərindən təəssüfləndirir və biz ümid edirik ki, tarixi hadisələrə obyektiv qiymət veriləcək, ikili standartlardan əl çəkiləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva