Rusiyanın Pyatiqorsk şəhərində ümummilli lider Heydər Əliyevin xatirə lövhəsi açılmışdır
Pyatiqorsk, 11 may (AZƏRTAC). Stavropol diyarının Pyatiqorsk şəhərindəki Kirov adına sanatoriyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, səfirin müavini Qüdsi Osmanov, səfirliyin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev və mətbuat nümayəndələri iştirak etmişlər.
Polad Bülbüloğlu və Stavropol diyarının qubernatoru vəzifəsini icra edən Vladimir Vladimirov birlikdə xatirə lövhəsini açmışlar.
Lövhənin üzərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin portreti və bu sanatoriyada istirahət etməsi haqqında yazı əks olunmuşdur.
Açılış nitqinə “Bu tədbir bizim birgə istəyimiz və arzumuz sayəsində baş tutmuşdur” sözləri ilə başlayan V. Vladimirov demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əfsanəvi insan idi. Bu dahi lider xaos və anarxiya girdabında olan Azərbaycanı ayağa qaldırmışdır. Bu gün Azərbaycana səfər edib qayıdanlar ölkə haqqında ancaq müsbət fikirlərini bölüşürlər.
V.Vladimirov Heydər Əliyevin xatirəsinə Rusiyada olan dərin ehtiramı bu fikirlərlə izah etmişdir: “Bu lövhə bizim birgə tariximizin bir hissəsidir. Tarixi unutmaq olmaz. Azərbaycan dövləti sağ olun ki, bizim təşəbbüsümüzə dəstək verdi və bu gün bizimlə bir yerdədir”.
Səfir Polad Bülbüloğlu ulu öndər Heydər Əliyevin Azərbaycandan əlavə, bütün keçmiş SSRİ məkanı, xüsusilə Rusiya üçün mühüm işlər gördüyünü faktların dili ilə diqqətə çatdıraraq demişdir: “Hesab edirəm ki, bizim xalqlarımız və dövlətlərimiz arasında bu kimi tədbirlər vacibdir. Bu lövhə ölçü baxımından böyük olmasa da, bizim dostluğumuzu və qarşılıqlı münasibətlərimizi simvolizə edir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın rəhbəri olmaqdan əlavə, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. O, şəxsən idman, sosial, tibb, mədəniyyət, nəqliyyat və təhsil sahələrini idarə etmişdir. Qara dənizdə və Volqa çayında teploxodlar fəlakətə düçar olan vaxtlarda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev fövqəladə vəziyyətin araşdırılması üzrə dövlət komissiyasına rəhbərlik etmişdir. Baykal-Amur Magistralının (BAM) tikintisi və onlarla digər irimiqyaslı layihələr də onun adı ilə bağlıdır. Müdrik dövlət xadimi Heydər Əliyevin müasir Rusiya üçün mühüm əhəmiyyətli irimiqyaslı işlərdə böyük xidmətləri olmuşdur. Bu lövhə dahi şəxsiyyət tərəfindən görülən işlərin unudulmamasının göstəricisidir. Bizim nəsil, yəni, yaşlı nəsil eyni tərbiyədə və ideoloji mühitdə formalaşsa da, müasir nəsil fərqlənir. Çünki yeni nəsil müstəqil dövlətlərdə böyüyür və biz bu nəslə tolerantlıq adlanan dostluq, nəciblik, humanizm prinsiplərini aşılmalıyıq”.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mineralnıye Vodı şəhərindəki eksperti Leonid Filimonov çıxışında müdrik dövlət xadimi Heydər Əliyevin Rusiya regionlarının sənayesinin möhkəmlənməsindəki xüsusi xidmətlərindən danışmışdır. Ulyanovskda inşa edilmiş Prezident körpüsünü xatırladan L. Filimonov bu körpünün Ulyanovskda yerli əhali tərəfindən “Əliyev körpüsü” kimi tanındığını bildirmişdir.
Daha sonra ekspert Stavropol rəhbərliyinin və Pyatiqorsk merinin təşəbbüsünü yüksək qiymətləndirərək, bu addımın ikitərəfli münasibətlərdə müsbət rol oynayacağını söyləmişdir.
“Araz” Stavropol Regional İctimai Təşkilatının sədri, Pyatiqorsk İctimai Şurasının üzvü Əsəd Qurbanov ulu öndər Heydər Əliyevin siyasətdə fəth etdiyi zirvələri vurğulamış, onun Qafqazda sülhün bərqərar olunmasındakı fəaliyyətindən söz açmışdır.
Rəsmi çıxışlardan sonra səfir P. Bülbüloğlu Stavropol diyarının qubernatoru vəzifəsini icra edən V. Vladimirova İTAR-TASS agentliyinin nəşri olan “Rusiya - qəlbimin bir hissəsi” adlı kitabını və Azərbaycan xalçasını hədiyyə etmişdir.
Qarşı tərəf isə səfirə Stavropol vilayətinin şəhərlərinin əks edildiyi vazanı bağışlamışdır. Sonra rəsmi şəxslər vaxtilə ulu öndər Heydər Əliyevin qaldığı 515-ci otağa baxmışlar. Sadə və dəbdəbədən uzaq ikiotaqlı nömrədə bir vaxtlar SSRİ-nin birinci şəxslərindən sayılan Heydər Əliyev qalmışdır. İş otağı, iş masası, masaüstü lampa, şkaf, çarpayılar - bir sözlə, otaqda nə varsa heç nə yenisi ilə əvəzlənməmişdir.
Tədbirin yekununda P. Bülbüloğlu və qubernator vəzifəsini icra edən V. Vladimirov mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar.
Azərbaycan ilə Stavropol diyarı arasındakı iqtisadi münasibətlərlə bağlı sualı cavablandıran səfir ölkəmiz ilə Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini demişdir.
Bildirilmişdir ki, əməkdaşlığımız siyasi, iqtisadi və humanitar sahələrdə özünü daha qabarıq göstərir. Bu gün Azərbaycandan Rusiyanın ali məktəblərində çoxlu sayda tələbələr təhsil alırlar. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötmüşdür. Bu, kiçik rəqəm deyil və ildən-ilə artır.
Daha sonra V. Vladimirov eyni suala münasibətini bildirərək diyarın Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafında maraqlı olduğunu bildirmişdir. Yessentuki şəhərində “Azərbaycan” adlı sanatoriya layihəsinin həyata keçirilməsindən danışan Rusiya rəsmisi yaxın vaxtlarda layihənin hazır olacağını diqqətə çatdırmışdır. Kənd təsərrüfatı sahəsində güclü əlaqələrin olduğunu deyən V.Vladimirov bu münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu bildirmişdir.
Səfər çərçivəsində ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və səfirliyin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev Stavropol vilayətindəki Azərbaycan diaspor təşkilatlarının fəalları ilə görüşmüşlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Pyatiqorsk