Saatlıda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır
Bakı, 29 yanvar, AZƏRTAC
Saatlı rayonunda 46 min 500 baş iribuynuzlu, 1293 baş təkdırnaqlı heyvanlar arasında qarayara əleyhinə profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılıb.
Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildirilib ki, Saatlı Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri "soyuq zəncir" rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılıb və heyvanlara tətbiq edilir. Bununla yanaşı, 490 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülüb. Həmçinin 342 ev itində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Tədbirlər yekunlaşdıqdan sonra 1800 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. Digər peyvənd və diaqnostik təbirlər isə epizootik tədbirlər planına uyğun davam etdirilir.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət, tövsiyələr verir.
Saatlı rayonunda bundan sonra epizootik tədbirlər plana uyğun olaraq, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, "soyuq zəncir" rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.