ELM VƏ TƏHSİL
Sabunçu rayonundakı 68 nömrəli məktəbdə görüş keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Bakının Sabunçu rayonundakı 68 nömrəli məktəbdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüş keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunun 68 və 155 nömrəli məktəblərinin şagird, müəllim və valideynlərinin iştirak etdikləri görüş H.İsaxanlıya həsr edilmiş “ Bizim Hamlet” filminin nümayişi ilə başlamışdır.
Görüşdə 155 nömrəli məktəbin direktoru Zöhrə Məhəmmədova və 68 nömrəli məktəbin direktoru Təhməz Eyvazov H.İsaxanlının həyat və yaradıcılığından bəhs etmiş, ona uğurlar arzulamışlar.
Rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verən professor H.İsaxanlı universitetin ümumtəhsil məktəbləri ilə əlaqələrdən danışmışdır.
Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, 107 nömrəli məktəbin direktoru Brilyant Cavadova, 78 nömrəli məktəbin direktoru Qamət Tağıyeva, 90 nömrəli məktəbin direktoru Qurbantac Qazıbəyova və başqaları maraqlı görüşə görə məktəbin kollektivinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə, həmçinin H.İsaxanlının şeirlərindən parçalar söylənmiş, musiqi nömrələri ifa olunmuşdur.
Sonda görüş iştirakçılarına təşəkkürünü bildirən H.İsaxanlı sualları cavablandırmışdır.