SADİQ DOSTLARIN XATİRƏSİ YAD EDİLMİŞDİR
Yanvarın 8-də Bülbülün memorial muzeyində böyük Azərbaycan müğənnisi ilə Çin Xalq Respublikasının görkəmli aktyoru Mey Lan-Fan arasındakı qədim və sadiq dostluğa həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Muzeydən AZƏRTAC-ın müxbirinə demişlər ki, görkəmli alim, Milli Məclisin deputatı Cəlal Əliyevin başçılıq etdiyi Çin-Azərbaycan Dostluq Cəmiyyətinin keçirdiyi tədbirdə muzeyin direktoru Adilə Məmmədova iki dəfə - 1953-cü və 1960-cı illərdə ölkəmizdə olmuş Mey Lan-Fanla Bülbülün dostluq əlaqələrindən söz açmış, tədbir iştirakçılarını Çin aktyorunun unudulmaz müğənnimizə bağışladığı hədiyyələrlə, onların birlikdə çəkdirdikləri fotoşəkillərlə tanış etmişdir.
Qeyd olunmuşdur ki, Mey Lan-Fan tanınmış aktyor ailəsindən çıxmışdır. 11 yaşından səhnədə olan aktyor klassik Çin pyeslərində qadın obrazlarını ustalıqla yaratmışdır.
Çinin ölkəmizdəki səfiri Çjan Siyun Azərbaycan və Çin xalqlarının tarixi əlaqələrindən danışaraq, bu münasibətlərin inkişafında hər iki ölkənin mədəniyyət işçilərinin qastrol səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırmışdır. Səfir aktyor Mey Lan-Fanın yaratdığı qadın obrazlarının suvenir maskalarını muzeyə hədiyyə etmişdir.
Çin-Azərbaycan Dostluq Cəmiyyətinin məsul katibi Rafiq Abbasov toplaşanlara təmsilçisi olduğu ictimai təşkilatın iki ölkənin mədəni və dostluq əlaqələrinin inkişafı sahəsində gördüyü işlər barədə ətraflı məlumat vermiş, yaxın zamanlarda və perspektivdə həyata keçiriləcək tədbirlərdən danışmışdır.