Şahbuz rayonu ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb
Naxçıvan, 17 mart, AZƏRTAC
Martın 17-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.
AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətinə səfər ediblər. Bildirilib ki, 2009-cu il aprelin 27-də təsis edilən müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Şahbuz şəhərində yerləşən müəssisədə paketlənmiş dərman bitkiləri, çaylar və bəkməzlər istehsal olunur. Müəssisənin avadanlıqları Çin, İran və Almaniyadan gətirilib.
Batabat Astrofizika Rəsədxanasında isə səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar barədə məlumatlar şagirdlərdə böyük maraq doğurub. Rəsədxana ilə tanışlıq zamanı məlumat verilib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun əməkdaşları da iştirak ediblər. Muxtar respublika ərazisinin astronomik şəraiti əlverişli, səması təmiz və şəffaf olduğundan bu stansiyada Günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometləri, asteroidləri, ulduzları və yaxın qalaktikaları müşahidə və tədqiq etmək mümkündür.
Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq isə buradakı muzeydən başlayıb. Qeyd olunub ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq da tur-aksiya iştirakçılarının marağına səbəb olub. Məlumat verilib ki, bu istirahət mərkəzi 3,5 hektar ərazisi olan 2 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur.
Şagirdlər Naxçıvan Dövlət Universiteti ilə də yaxından tanış olublar. Konservatoriya binasında şagirdlərlə görüş zamanı universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağı barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya idman mərkəzi, 2 stadion, müasirtipli tələbə evi yerləşir. Hazırda ali təhsil ocağında 12 fakültədə 57 ixtisas üzrə 6 min nəfərə yaxın tələbə təhsil alır. Bu gün dünyanın müxtəlif ölkələrindən 275 xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Ali məktəb dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Ali təhsil ocağı Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir.
Universitetlə tanışlıq və daha sonra İncəsənət fakültəsinin tələbələrinin ifasında konsert proqramı şagirdlərin marağına səbəb olub.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə keçirilən görüşdə hərbi liseyin rəisi, general-mayor Elman Orucov çıxış edərək təhsil ocağı barədə ətraflı məlumat verib. Elman Orucov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında formalaşdırılan xüsusi təyinatlı bu təhsil müəssisəsi hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılıb. Bu gün liseydə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir.
“Ötən dövrdə məzun olan 2 min 500-dək kursantdan hərbi liseyi qızıl və gümüş medallarla, eləcə də fərqlənmə attestatı ilə bitirənlər də az deyil. Məzunlardan 10 nəfəri Türkiyə Respublikasının, 24 nəfəri Rusiya Federasiyasının hərbi akademiyalarında, digərləri isə ölkəmizdə fəaliyyət göstərən müxtəlif təyinatlı ali hərbi məktəblərdə təhsillərini davam etdirirlər”, - deyən Elman Orucov qeyd edib ki, hazırda liseydə 600-ə yaxın kursant təhsil alır. Onların təlim-tərbiyəsi ilə yüzdən çox müəllim, hərbi rəhbər-tərbiyəçi və zabit məşğul olur.
Kursantların təhsilində hərbi hazırlığın xüsusi yer tutduğunu diqqətə çatdıran liseyin rəisi onların nəzəri bilikləri öyrənməklə yanaşı, taktiki təlimlərdə də iştirak etdiyini bildirib.
Tədris korpusları və kursant yataqxanası ilə tanış olan şagirdlər Heydər Əliyev adına Hərbi Liseydən zəngin təəssüratla ayrılıblar.
Daha sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn məktəblilərə bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin digər duz şaxtalarından üstünlüyü şaxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma, bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur.
Axşam “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən təşkil olunan konsert proqramı təqdim edilib.