Sahibkarlar “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı məlumatlandırılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük, Hava Nəqliyyatında Baş Gömrük, Sumqayıt Baş Gömrük və Aksizli Mallar üzrə Baş Gömrük idarələrində bu il fevralın 1-dən tətbiq ediləcək “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı sahibkarlarla görüşlər keçirilib.
DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə xarici ticarət iştirakçıları “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası və gömrük orqanlarına elektron qısa idxal bəyannaməsinin təqdim edilməsi barədə məlumatlandırılıb.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, komitənin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə bildirilib ki, Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi ilə bağlı Fərmanı sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaradacaq.
Komitə də fərmana uyğun olaraq mütəmadi qaydada həm aidiyyəti dövlət qurumları, həm də biznes subyektləri üçün seminarlar, maarifləndirici tədbirlər keçirir. Bu tədbirlərdə məqsəd “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, dayandırılması, ləğvi və bərpası qaydaları ilə sahibkarları bir daha tanış etmək, həmin fərmanda öz əksini tapan müddəalar və bəndlərin birgə müzakirəsini aparmaqdır.
Diqqətə çatdırılıb ki, sözügedən sistemin daha aydın şəkildə mənimsənilməsi, asan və səmərəli tətbiqi üçün Dövlət Gömrük Komitəsində mütəxəssislərdən ibarət işçi qruplar fəaliyyət göstərir. Sahibkarlar istənilən vaxt onları maraqlandıran məsələlərlə bağlı gömrük orqanlarına müraciət edə bilərlər.
Görüşlərdə “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı müxtəlif təqdimatlar keçirilib, videoçarxlar nümayiş etdirilib. Eyni zamanda, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.