“Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifələrini icra edən, polkovnik Qadir Vəlişov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən, xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışıblar. Dövlətin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərindən birinin gənc nəslin tərbiyəsi və onda vətənpərvərlik duyğularının gücləndirmək olması qeyd edilib.
Çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını, onların hərbi-idman oyunlarına və oxşar tədbirlərə cəlb edilməsinin orduda xidmətə hazırlığa kömək edəcəyini söyləyiblər.
Sonra xüsusi təyinatlıların nümunəvi çıxışları olub.
Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar.
Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə iştirakçılar darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəşaçma, fiziki hazırlıq, müxtəlif sədlərdən keçməklə maneələri dəf etmə, mülki müdafiə hazırlığı, çadırın qurulması və maskalanması bacarıqlarını göstəriblər.
Final turunun nəticələrinə əsasən fəxri kürsünün ilk üç pilləsində müvafiq olaraq Sumqayıt şəhərinin, Yasamal rayonunun və Quba rayonunun komandaları tutublar.
Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Yarışlar Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təşkil edilib.
Qeyd edək ki, yarışlara martda start verilib. Zona yarışlarında birinci və ikinci yerləri tutmuş komandalar respublika final yarışında iştirak hüququ qazanıblar.