İDMAN
Şahmat üzrə dünya çempionu Şəhriyar Məmmədyarov göstərilən dəstəyə görə azarkeşlərə və media nümayəndələrinə təşəkkür etmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatında inamlı qələbə qazanaraq dünya çempionu tutuluna sahib olan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov uğurun əldə olunmasında ona dəstək olanlara açıq məktubla müraciət etmişdir.
AZƏRTAC xəbər verir ki, Xantı-Mansiykdə keçirilmiş dünya çempionatındakı qələbəsindən sonra sosial şəbəkələrdə yayılan çoxlu sayda təbriklər Ş.Məmmədyarovu məmnun etmişdir.
Dünya çempionu bildirmişdir ki, elektron poçtu və şəxsi telefonu vasitəsilə aldığı çoxsaylı məktublar onu daha da həvəsləndirmişdir. Şəhriyar Məmmədyarovun müraciətində deyilir: “Gərgin məşqlər və ardıcıl yarışlar zamanı bizim qələbəmizi daim arzulayan şəxslərin olduğunu unuduruq. Halbuki, Azərbaycanda şahmat çox sevilir və hər bir yarışımız diqqətdə saxlanılır. Bu qədər təbrikdən sonra əminliklə deyə bilərəm ki, növbəti yarışlar zamanı hər bir insanın gücü mənə əlavə stimul verəcəkdir”.
Ş.Məmmədyarov məktubunda qeyd etmişdir ki, bu qələbə yalnız onun şəxsi nailiyyəti deyil, bütün Azərbaycanın uğurudur.
Məktubda sürətli şahmat üzrə dünya çempionatındakı qələbəsi onun gələcəkdə iştirak edəcəyi yarışlara daha yaxşı hazırlaşmağa töhfə verəcəyini vurğulanmışdır.
Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına minnətdarlığını bildirən çempion xüsusi olaraq media nümayəndələrinə təşəkkür etməyi özünə borc bilmişdir.
Qeyd etmişdir ki, daim iştirak etdiyi yarışları işıqlandıran insanlar şahmatın inkişafında böyük iş görürlər.
Xatırladaq ki, 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Şəhriyar Məmmədyarov 15 oyundan 11,5 xalla dünya çempionu adını qazanmışdır.
Ötən il isə çempionatın qalibi rusiyalı Sergey Karyakin olmuşdur.