SİYASƏT
“SAM Review” nəşrinin növbəti xüsusi buraxılışı çapdan çıxmışdır
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində çıxan “SAM Review” nəşrinin növbəti xüsusi buraxılışı çapdan çıxmışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan-Gürcüstan münasibətləri: Strateji ittifaqın əsasları və çağırışları adlı buraxılışda hər iki ölkə arasında yaranmış strateji münasibətlərin bir sıra aspektlərinin geniş təhlili verilmişdir. Analitik hesabat xarakterli materialın müəllifləri SAM-ın aparıcı elmi işçisi, “Caucasus International” jurnalının baş redaktoru Zaur Şiriyev və Tbilisi Dövlət Universitetinin dosenti, Gürcüstanın Siyasət Mərkəzinin direktoru Korneli Kakaçiadır.
Hesabatın birinci hissəsində Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələr - siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, turizm, biznes, təhsil, media, mədəni əlaqələr, eləcə də hərbi-siyasi əməkdaşlıq üzrə məsələlərinin geniş təhlili verilmişdir. Materialın növbəti hissəsi Gürcüstanda yaşayan azərbaycanlıların milli identikliyinin tarixi-politoloji aspektdə tədqiqinin nəticələrinə həsr olunmuş, onların arasında siyasi elitanın formalaşması prosesinin zəif və üstün cəhətləri göstərilmişdir. Bundan əlavə, Gürcüstandakı soydaşlarımızın üzləşdikləri sosial-siyasi və hüquqi problemlərə də toxunulmuş, bu ölkədə baş verən siyasi proseslərdə din və dil amillərinin yeri, əhəmiyyəti göstərilmişdir. Eyni zamanda, sorğu məlumatların təhlili vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında münasibətlərə təsiri də araşdırılmışdır.
Tədqiqatın sonuncu hissəsində müəlliflərin elmi qənaətləri və hər iki ölkə arasında münasibətlərin inkişafına yönəldilmiş tövsiyələri verilmişdir.
“Azərbaycan-Gürcüstan münasibətləri: Strateji ittifaqın əsasları və çağırışları» xüsusi buraxılışının ictimai təqdimatının bu ilin sentyabr ayında Azərbaycan və Gürcüstanda keçirilməsi nəzərdə tutulur.
Jurnalı bu linkdən oxumaq olar: http://sam.az/publications/samcomments/1004.html