ŞAMAXI DİNAMİK İNKİŞAF YOLUNDADIR
AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunları və 2007-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun hesabat məruzəsi dinlənilmişdir. Məruzədə bildirilmişdir ki, 2006-cı il istər respublika, istərsə də rayon üçün uğurlu olmuşdur. Keçən il rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında vacib işlər görülmüş, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Şamaxı rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası əsasən təmin olunmuşdur. 2006-cı ildə rayonda 3706,3 min manatlıq məhsul istehsal olunmuş, sənaye məhsulunun həcmi əvvəlki ilə nisbətən 7,8 faiz artaraq 2854,6 min manata çatdırılmış, kənd təsərrüfatı məhsulları istehsalının, nəqliyyat və rabitə xidmətlərinin həcmi çoxalmışdır.
Sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə 29 nəfərə 427 min manat kredit, 19 layihə üzrə 990,8 min manat vəsait verilmişdir. İl ərzində 704 yeni iş yeri yaradılaraq 5255-ə çatdırılmışdır.
2006-cı ildə rayonda yeni obyektlər tikilib istifadəyə verilmiş, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində əsaslı işlər görülmüşdür. Xüsusi razılıq hissi ilə vurğulanmışdır ki, keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı rayon internat məktəbi əsaslı təmir olunmuş, Quşçu və Çaylı kəndlərinin hər birində 200 yerlik yeni məktəb binaları və Şamaxı şəhərində gənc məcburi köçkün ailələri üçün 16 mənzilli bina tikilərək istifadəyə verilmişdir. Həmin obyektlərin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva şəxsən iştirak etmişdir. Rayondakı Şəhidlər xiyabanı əsaslı təmir edilərək tamamilə yenidən qurulmuş, Şamaxı şəhərinin əsas küçələrində geniş tikinti-quruculuq işləri aparılmışdır.
Yığıncaqda maliyyə naziri Samir Şərifov çıxış etmiş, görülmüş işləri təhlil edərək qarşıda duran mühüm vəzifələrdən danışmışdır.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov iştirak etmişdir.