İQTİSADİYYAT
Şamaxı rayonunda kənd yaşayış məntəqələri qazlaşdırılır
Şamaxı, 22 dekabr (AZƏRTAC). Şamaxı rayonunda kənd yaşayış məntəqələrinin təbii qazla təminatı, köhnə xətlərin bərpası və evlərin sayğacla təmin olunması istiqamətində tədbirlər sürətlə davam etdirilir. Artıq rayondakı Çuxuryurd qazpaylayıcı stansiyasından Məlhəm, Cabani, II Cabani, II Çaylı kəndlərinə və Sabir qəsəbəsinə yeni qaz xətləri çəkilmişdir. Hazırda Sabir qəsəbəsinin yeni yaşayış massivinə qaz xətti çəkilir. Həmçinin qəsəbədaxili köhnə qaz xətləri bərpa olunur, evlər sayğaclaşdırılır.
Bundan əlavə, Kələxana, Məlikçobanlı, Nüydi və Sabirli kəndlərində də kənddaxili qaz xətlərinin çəkilişinə başlanılmışdır. Bununla yanaşı, Hacılı, Əhmədli və Qızmeydan kəndlərində qaz sayğacları quraşdırılır.