SİYASƏT
San Dieqoda Azərbaycana həsr olunmuş geniş tədbir keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079267355764617307_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079267356067336142_1200x630.jpg)
Vaşinqton, 22 noyabr (AZƏRTAC). Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda fəaliyyət göstərən Diplomatiya Şurası tərəfindən Azərbaycana həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən tədbir San Dieqo Kaliforniya Universitetində baş tutmuşdur. Tədbirdə Diplomatiya Şurasının idarə heyətinin üzvləri, universitetin professorları, ekspertlər, San Dieqoda akkreditə olunmuş konsullar, şəhərin müxtəlif qurumlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, inkişafı, uğurlu neft strategiyası, fəal xarici siyasəti, bölgədə oynadığı aparıcı rol, eləcə də ABŞ ilə hərtərəfli tərəfdaşlığı barədə məlumat vermişdir. Baş konsul Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edərək bildirmişdir ki, bu işğal həm beynəlxalq hüququn prinsiplərinin, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. Diplomat Ermənistanın gələcəyinin Azərbaycan ilə sülhdən birbaşa asılı olduğunu bildirərək Ermənistan rəhbərliyinin bu reallığı tez bir zamanda dərk etməli olduğunu diqqətə çatdırmışdır.
N.Ağayev, həmçinin ölkəmizin qədim tolerantlıq ənənələrindən danışaraq etnik və dini müxtəlifliyin Azərbaycanın sərvəti olduğunu bildirmişdir.
Sonra tədbir əslən Azərbaycandan olan, Bakı Musiqi Akademiyasının yetirməsi, tanınmış violonçel ifaçısı Ruslan Biryukovun rəhbərlik etdiyi Los-Anceles simli kvarteti tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev və S.Hacıbəyov kimi dahi Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam etmişdir. Kvartetin ifası sürəkli alqışlarla qarşılanmışdır.
Sonda tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin müxtəlif təamlarına qonaq edilmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton