SİYASƏT
Sankt-Peterburqda MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Gənclər Assambleyasının iclası keçiriləcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 28-də Sankt-Peterburqda Tavriya sarayında - Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının mənzil-qərargahında MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclası keçiriləcəkdir.
Parlamentlərarası Assambleyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, MDB ölkələrinin gənc deputatları, gənclər parlamentlərinin nümayəndələri, ictimai gənclər təşkilatlarının liderləri Tavriya sarayına toplaşaraq, öz təcrübələrini bölüşəcək, MDB ölkələrində gənclər siyasəti sahəsində milli qanunvericilikdən və qanunverici təşəbbüslərdən söz açacaqlar. Gənclərin hüquq və maraqlarına toxunan qanunvericilik modelinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin işlənib hazırlanması imkanlarını müzakirə edəcək, Parlamentlərarası Gənclər Assambleyasının MDB-nin qanunvericilik modeli prosesində iştirakından söz açacaqlar.
İclasda Birliyin gənc deputatlarının və gənclər liderlərinin dialoqu üçün nadir beynəlxalq parlament məkanı olmağa xidmət edən MDB Parlamentlərarası Gənclər Forumunun hazırlanması və keçirilməsi, habelə gənclərin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi məsələləri də müzakirə ediləcəkdir.
Xatırladaq ki, Parlamentlərarası Gənclər Assambleyasının özünün orijinal rəmzinin yaradılması barədə qərar qəbul edilmişdir. Ən yaxşı emblemaya görə beynəlxalq səviyyədə açıq yaradıcılıq müsabiqəsi elan olunacaqdır. Artıq müsabiqə barədə əsasnamə layihəsi işlənib hazırlanmışdır və iclas iştirakçılarına təqdim olunacaqdır.
Məlumat telefonu: (812) 326-69-22; e-mail:, [email protected], [email protected].