SİYASƏT
Sankt-Peterburqda “Müasir dünyada nüvə təhlükəsizliyi” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). Noyabrın 29-da Sankt-Peterburqda, Tavriya sarayında “Müasir dünyada nüvə təhlükəsizliyi. Nüvə silahının tərk-silah edilməsi və yayılmaması prosesində deputatların rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
MDB Parlamentlərarası Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Birlik ölkələrinin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarının nümayəndələri, tanınmış siyasətçilər və alimlər nüvə təhlükəsizliyinin təmin olunması, nüvə silahının və onun daşıyıcılarının qanunsuz istehsalına, ötürülməsinə və dövriyyəsinə yol verilməməsinin aktual məsələlərini müzakirə etmək üçün Sankt-Peterburqa MDB-nin əsas parlament dialoqu meydanına toplaşacaqlar.
Nüvə materiallarının yayılmamasına, onlara etibarlı nəzarətin və müvafiq ixrac-nəzarət rejimlərinin əsasnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə deputatların töhfəsi ayrıca müzakirə mövzusu olacaqdır.
Konfransın təşkilatçıları MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyası və Qazaxıstan Respublikasının parlamentidir.
Məlumat telefonu: (812) 326-69-22; e-mail:, [email protected], [email protected].