SİYASƏT
Sankt-Peterburqda Prezident İlham Əliyevin 50 illik yubileyi və Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş konfrans keçirilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 25-də Sankt-Peterburqun “Park İnn Pribaltiyskaya” mehmanxanasında “Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatı və Baş konsulluğun dəstəyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyi və Dünya Azərbaycanlıların həmrəyliyi gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbə və gənclər, ictimai xadimlər iştirak etmişlər.
Konfransın açılışında çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı konsulu Elşad Qulamov Sankt-Peterburqda fəaliyyət göstərən “Naxçıvanın dostları cəmiyyəti”, “Sankt-Peterburq azərbaycanlı biznesmenlərinin assosiasiyası” və “Sankt-Peterburqun Azərbaycan diasporu” adlı təşkilatların şəhərdə Azərbaycanın təbliğatı istiqamətində görülən işlərdəki mühüm rolunu qeyd etmişdir.
“Sankt-Peterburq Azərbaycan diasporası” regional ictimai təşkilatının rəhbəri, akademik Heydər İmanov çıxışında azərbaycanlıların Rusiya ictimaiyyətinə inteqrasiyasının əhəmiyyətini qeyd etmiş, eyni zamanda Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələrinin unudulmamasının vacibliyini vurğulamışdır. O, Azərbaycan dövləti tərəfindən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına göstərilən daimi qayğı və dəstəyi xüsusi qeyd etmişdir.
Konfransda, həmçinin Türkiyənin Sankt-Peterburqdakı Baş konsulu Tancu Bilginc, “Naxçıvanın dostları cəmiyyəti”nin sədri İdris Qəhrəmanov, Azərbaycan Respublikasının MDB ölkələri Parlament Assambleyasında daimi nümayəndəsi Aydın Cəfərov, Beynəlxalq diaspor mərkəzinin sədri İsmayıl Ağayev və digər qonaqlar təbrik nitqi ilə çıxış etmişlər.