Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib
Sədərək, 14 aprel, AZƏRTAC
Sədərək rayonunda təşkil olunan növbəti əmək yarmarkasına 6-sı dövlət, 2-si özəl olmaqla, 8 təşkilatdan 78 boş iş yeri çıxarılıb, 12 nəfərə işə göndəriş verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın muxtar respublikada sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verdiyini qeyd edib.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında bildirib ki, sərhəd bölgəsi olan Sədərək rayonunda əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran sakinlər yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək vurğulayıblar ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının böyük əhəmiyyəti var.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar.