ELM VƏ TƏHSİL
Şəkər xəstəliyinə tutulmuş insanlar üçün qeyri-adi cihaz
Bakı, 26 dekabr (AZƏRTAC). Tokio Universitetinin mütəxəssisləri şəkər xəstəliyinə tutulmuş insanlar üçün qeyri-adi cihaz - qlükometr hazırlamışlar. Birbaşa dəri altına implantasiya edilmiş cihazın köməyi ilə qanda olan şəkərin miqdarına nəzarət etmək mümkün olacaqdır. Belə ki, şəkərin miqdarı artan kimi qlükometr işıqlanmağa başlayacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, “Computerworld” jurnalının məlumatına görə, alimlər ilk dəfə fluoressensiyalı hidrogel liflər əsasında dərialtı qlükometr yaratmağa nail olublar ki, bu cihazdan uzun müddət ərzində istifadə etmək mümkün olacaqdır. Alimlərin hesablamalarına görə, cihazın ötürücüləri qlükozanın konsentrasiyasının dəyişikliklərini 140-160 gün ərzində fasiləsiz olaraq əks etdirmək imkanına malikdir.