CƏMİYYƏT
Şəki rayon sakinini özünü öldürmə həddinə çatdıran şəxs barəsində həbs qətimkan tədbiri seçilib
![Şəki rayon sakinini özünü öldürmə həddinə çatdıran şəxs barəsində həbs qətimkan tədbiri seçilib](/files/2022/2/1200x630/1652882076490121485_1200x630.jpeg)
Bakı, 18 may, AZƏRTAC
Mayın 8-i saat 22 radələrində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Şəki Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış istintaqla Bakı şəhər sakini S.M-nin (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırdığı müəyyən olunub.
Mayın 17-də S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.