MƏDƏNİYYƏT
Şəkidə əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin zona turu keçirilmişdir
Şəki, 23 oktyabr (AZƏRTAC). Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin aşkara çıxarılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən noyabrın üçüncü ongünlüyündə əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun turu keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, baxış-müsabiqənin yekun turunda iştirak edəcək istedadlı əlillərin müəyyən olunması məqsədi ilə oktyabrın 23-də Şəki Musiqi Kollecinin konsert salonunda müsabiqənin zona turu keçirilmişdir. Zona baxışında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında yaşayan 50-dən artıq əlil mahnı, muğam, instrumental ifaçılıq, poeziya və bədii qiraət sahəsindəki istedadlılıq qabiliyyətlərini nümayiş etdirmişlər. Münsiflər heyətinin üzvləri hər bir iştirakçının ifasını diqqətlə dinləmiş, tövsiyələrini bildirmişlər. Münsiflər heyətinin rəyinə əsasən zona turunda fərqlənmiş ən istedadlı ifaçılar müsabiqənin yekun turunda iştirak etmək hüququ qazanacaqlar.