Şəkidə voleybol üzrə rayon birinciliyində 11 komanda mübarizə aparıb
Şəki, 27 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkinin ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb. Şəhər 5 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 11 komanda mübarizə aparıb.
Şəhər Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon birinciliyi Böyük Dəhnə kənd 2 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Sonrakı yerləri rayonun Yeni Çələbixan məcburi köçkün qəsəbəsində yerləşən Xocalı rayon 3 saylı və Şəki şəhər 8 saylı tam orta məktəblərin komandaları tutublar.
Birinciliyin bağlanış mərasimində şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın kütləviliyinin təbliğində belə yarışların əhəmiyyətini xüsusi vurğulayıb.
İlk yerləri tutan komandalara kubok və diplomlar təqdim olunub.