“SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI HAQQINDA” QANUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova demişdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 1998-ci ildə qəbul olunmuşdur. Ötən dövr ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv olmuş və bir neçə beynəlxalq sazişi ratifikasiya etmişdir. Bununla yanaşı, ölkəmizdə gedən demokratik proseslər, insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılmış mütərəqqi addımlar bu qanuna müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratmışdır. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi bu qanun layihəsində insanların sərbəst toplaşmaq hüquqları daha geniş şəkildə təsbit olunmuşdur. Qanuna təklif olunan əlavələr və dəyişikliklər Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyələrinə uyğun hazırlanmışdır. Hər iki qurum qanunun təklif olunmuş şəkildə qəbulunu dəstəkləmiş və tam demokratik və mükəmməl sənəd kimi qiymətləndirmiş, müsbət rəy vermişlər.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov qanuna təklif olunan əlavələr və dəyişikliklər barədə ətraflı məlumat vermişdir.
Əlavə və dəyişikliklərdə bildirilir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verəcəkdir. Bu qanunla toplantılar, yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formasında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə ən azı 5 gün əvvəl müvafiq icra hakimiyyəti orqanını yazılı xəbərdar etməlidir.
Sənəddə qeyd olunur ki, aksiyaların təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə qanunla həmin tədbir keçirilə bilməz. O da bildirilir ki, 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrin razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. Qanunun mütərəqqi maddələrindən biri də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində dinc aksiya keçirmələrinə icazə verilməsidir.
Bundan əlavə layihədə bu qanunla nizamlanan, eləcə də nizamlanmayan toplantıların təsnifatı, toplantıların təşkilatçılarının hüquq və vəzifələri, sərbəst toplaşmağa qoyulan qanuni məhdudiyyətlər, toplantıların qadağan edilməsi və ya dayandırılması, dinc aksiyaların keçiriləcəyi yerə dair məhdudiyyətlər, qanunun pozulmasına görə məsuliyyət və digər müddəalar əksini tapmışdır.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlar və dəvət olunmuş şəxslər layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
Müzakirələrdə Avropa Şurasının, ATƏT-in Bakıdakı ofislərinin nümayəndələri də iştirak etmişlər.