SERGEY MOROZOV: DAHİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİN ULYANOVSKDA ƏBƏDİLƏŞDİRİLMƏSİ XALQLARIMIZI YAXINLAŞDIRACAQDIR
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılması planı artıq həyata keçirilir və düşünürəm ki, onun xatirəsinin əbədiləşdirilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinin, qorunub saxlanmasının, inkişafının və mədəni-iqtisadi əməkdaşlığın mühüm bir təzahürü olacaqdır”. Bunu Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsində bildirmişdir. O qeyd etmişdir ki, Heydər Əliyevin abidəsinin Ulyanovskda ucaldılması təşəbbüsünü ÜAK Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynov bölmənin üzvləri adından Millətlər Şurasında irəli sürmüşdür. S.Morozov demişdir: “Şura bu gözəl təşəbbüsü dəstəkləmişdir. Abidəni Zasviyajsk rayonunda Jiqulyovskaya və Fruktovaya küçələrinin kəsişməsində ucaltmaq qərara alınmışdır. Oktyabr ayında abidənin ucaldılması və ətraf ərazinin abadlaşdırılması ilə bağlı açıq dinləmələr keçirilmiş və xalqlarımız arasında dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə bu ideyanı dəstəkləmək təklif olunmuşdur. Abidənin müəllifi tanınmış heykəltəraş Sergey Bobrakovdur. O, Yuri Qaqarinin Moskvadakı abidəsinin də müəlliflərindən biridir. Abidə üzərində iş may ayında başa çatacaqdır. Hündürlüyü təxminən 5 metr olacaq abidənin açılış mərasimi 2008-ci ilin yayında, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçiriləcəkdir.
Ulyanovsk vilayətinin qubernatoru xatırlatmışdır ki, onun 2006-cı ildə Azərbaycana səfəri çox maraqlı, zəngin və yaddaqalan olmuşdur. O demişdir: “Bir sıra görüşlər keçirdim. Prezident İlham Əliyev məni qəbul etdi. Bu görüşlər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında sosial-iqtisadi, mədəni əməkdaşlığı fəallaşdırmağa imkan verdi”. S.Morozov vurğulamışdır ki, Azərbaycan Respublikası hazırda Ulyanovsk vilayəti ilə ticarət dövriyyəsinin həcminə görə MDB ölkələri arasında dördüncü yeri tutur. O demişdir: “Xalqlarımız gələcəklərini sıx əməkdaşlıq şəraitində qururlar və biz tərəfdaşlarımızla bütün istiqamətlərdə qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməyə səy göstəririk. Bunun üçün hər cür şərait, o cümlədən Azərbaycan diasporunun fəal mövqeyi var”. Sergey Morozov Azərbaycan diasporunun vilayətdə fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, İslam Hüseynovun başçılıq etdiyi bu çoxsaylı milli diasporlardan biri Ulyanovsk vilayətinin iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayır. Vilayətin başçısı demişdir: “Bu təşkilat azərbaycanlıları birləşdirə, milli ictimai təşkilatlarla, habelə vilayətin dövlət qurumları ilə sıx əlaqələr yarada bilmişdir. Regionda xeyriyyəçiliyə xüsusi diqqət yetirilir və 2008-ci il Ulyanovsk vilayətində mənəviyyat və xeyirxah işlər ili elan olunmuşdur. Sevindirici haldır ki, Azərbaycan diasporu bu tədbirlərdə real işlərlə iştirak edir”.