SƏUDİYYƏ ƏRƏBİSTANI NEFT HASİLATINI ARTIRACAQDIR
AZƏRTAC xarici agentliklərə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının iyulun əvvəlindən gündəlik neft hasilatını 200 min barrel artıraraq, ümumi hasilatı rekord - 9,7 milyon barrel səviyyəsinə çatdırmaq niyyəti barədə informasiya iyulda neftin fyuçers qiymətlərinin xeyli azalmasına səbəb olmuşdur. Ər-Riyad digər neft ixrac edən ölkələri ondan nümunə götürməyə və neftin qiymətlərini azaltmağa çağırmışdır. Analitiklər Səudiyyə Ərəbistanının bu təşəbbüsünün digər OPEK ölkələrində dəstəklənəcəyinə şübhə ilə yanaşırlar və neft bazarında kəskin enmədən ehtiyat etməməyə çağırırlar.
Ötən həftə neft fyuçerslərinin qiymətləri, orta hesabla, 2,6 faiz azalmışdır.
Həmin informasiyanı bu yaxınlarda Səudiyyə Ərəbistanının kralı Abdullanın qəbulunda olmuş BMT-nin baş katibi Pan Gi Mun da təsdiqləmişdir. Baş katib demişdir: “Kral neftin cari qiymətlərinin qeyri-normal səviyyədə yüksək olduğunu görür və onları adekvat səviyyəyə qaytarmaq üçün əlindən gələni edəcəkdir”.
Ər-Riyad gələn həftə Ciddədə enerji daşıyıcılarının qiymətinin qaldırılmasına qarşı mübarizəyə həsr edilmiş xüsusi zirvə görüşünə toplaşacaq digər ixracçıları da oxşar addımlar atmağa çağıracaqdır.
Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanının təşəbbüsü neftin qiymətinin kəskin azalmasına gətirib çıxarmayacaqdır. Çünki Əl-Riyadın OPEK-dəki tərəfdaşları ilə razılığa gəlməsi çox çətin olacaqdır. Bundan əlavə, ixracçıların əksəriyyəti neft hasilatını, sadəcə, artırmaq iqtidarında deyillər. Belə ki, onlar nə hasil edə bilirlərsə, hamısını satırlar.
Əl-Riyadın neft qiymətlərinin dinamikasına təsirini də şişirtmək lazım deyildir. Vaşinqtondakı Brukinq İnstitutunun eksperti Erika Dauns demişdir ki, Səudiyyə Ərəbistanı dünya miqyasında neftin qiymətlərini soyuq müharibə dövründə, yaxud İraqın Küveytə hərbi müdaxiləsindən sonra aşağı salmaq iqtidarında idi. Bu və ya digər ixracçılar siyasi səbəblərə görə təcrid edildiyindən, Səudiyyə Ərəbistanı neftinin dünya bazarındakı payı artırdı və Əl-Riyad qiymətqoyma prosesini idarə edə bilirdi.
Xanım Dauns vurğulamışdır ki, qiymətlərin indiki artımı prinsipcə başqa səbəblərlə səciyyələnir. İri ixracçılardan heç biri sanksiyalara məruz qalmır və hamı tam gücü ilə işləyir. İstehsalın artımını isə Çinin və Hindistanın genişlənməkdə olan bazarları udur. Belə vəziyyətdə Səudiyyə Ərəbistanının dünya neft bazarına təsiri də azalır. Ona görə də Əl-Riyad dünyanın neft bazarına hissediləcək təsir göstərmək üçün hasilatı 200 min barrel deyil, xeyli çox artırmalıdır.