Səudiyyə Ərəbistanı və ABŞ liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ər-Riyad, 3 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Səudiyyə Ərəbistanı KİV-lərinə istinadla xəbər verir ki, iki ölkənin liderləri regional və beynəlxalq məsələləri, o cümlədən Yaxın Şərqdə sülh prosesinin gedişini müzakirə ediblər.
Səudiyyə Ərəbistanının Kralı ölkəsinin Fələstin məsələsi və paytaxtı Qüds olmaqla Fələstin xalqının müstəqil dövlət yaratması hüququna dair mövqeyinin dəyişməz qaldığını təsdiqləyib. O, Yaxın Şərqdə sülh prosesinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Tərəflər, həmçinin Yəməndəki vəziyyətlə bağlı məsələyə də toxunublar. Səudiyyə Ərəbistanının Kralı Yəməndə hüsit qiyamçılar ı ilə bağlı qəti mövqeyinə görə ABŞ Administrasiyasına təşəkkürünü bildirib və krallığın bu ölkədəki böhranın siyasi həlli istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Kral Salman bin Əbdüləziz əs-Səud hazırda Birləşmiş Ştatlarda səfərdə olan şahzadə Məhəmməd bin Salman Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini səmimi qəbul etdiyinə görə ABŞ Prezidentinə təşəkkürünü bildirib. O, xüsusi olaraq vurğulayıb ki, səfər çərçivəsində faydalı görüşlər keçirilib və hər iki dövlət üçün əhəmiyyətli sazişlər imzalanıb.
İki ölkənin liderləri İraqda və Suriyada İŞİD terror təşkilatı ilə mübarizədə birgə səylərin əhəmiyyətini qeyd ediblər. Səudiyyə Kralı Suriya böhranının bu ölkənin xalqının mənafeyinə uyğun şəkildə həllinin tapılmasına çağırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad