Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Seyid Əzim Şirvani” adlı biblioqrafik göstərici nəşr edilib.
AZƏRTAC xəbər verir ki, biblioqrafik göstəricidə Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı və AMEA Rəyasət Heyətinin müvafiq Qərarı yer alıb. Nəşrdə, həmçinin filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun “Köhnə dünyanın sonuncu, yeni dünyanın birinci şairi” adlı araşdırma məqaləsi təqdim olunub.
Vəsaitdə görkəmli Azərbaycan maarifçi-şairi və satiriki Seyid Əzim Şirvaninin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, kitabları, dövri mətbuatda və əski əlifba ilə çap edilmiş əsərləri, həmin əsərlərin mənbələri, arxiv materialları, haqqında yazılmış ədəbiyyat, avtoreferatlar və dissertasiyalar sistemli şəkildə əksini tapıb.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.
Redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə şöbənin əməkdaşı Türkan Vahidovadır.
Nəşr böyük şairin bədii yaradıcılığının və fəlsəfi düşüncəsinin müasir kontekstdə öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Vəsait ədəbiyyatşünaslar, bu sahədə elmi-tədqiqat aparan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.