İDMAN
SEYİD MUSAYEV KONKUR ÜZRƏ “YAY KUBOKU”NUN QALİBİ OLMUŞDUR
İştirakçılar əvvəlcə maksimal hündürlüyü 125 sm olan maneələri dəf etməkdə qüvvələrini sınamışlar. “Sərhədçi” Atçılıq İdman Klubunun (AİK) idmançısı Seyid Musayev “Nabab De Belou” ləqəbli atla kuboka sahib olmuşdur. İkinci yeri “Kalinka” ləqəbli atla “Günay” atçılıq təsərrüfatının idmançısı Qennadi Qaşıbayazov, üçüncü yeri isə “Aco’s First Boy” ləqəbli atla Elmar Abdullayev tutmuşdur. Bu yarışın ümumi mükafat fondu 3 min manat olmuşdur.
Daha sonra “Yay Kuboku” turnirinin final mərhələsi başlanmışdır. İki hissədən ibarət bu yarışda maneələrin maksimal hündürlüyü 130 və 135 sm təşkil etmişdir. Bu yarışmanın mükafat fondu isə 7 min manat təşkil etmişdir.
Nəticədə “Sərhədçi” AİK-in jokeyi Seyid Musayev “Nabab De Belou” ləqəbli atla növbəti dəfə yarışda qalib gəlmişdir. Bu klubun digər idmançısı - Rahib İsmayılov “Concorde 57” ləqəbli atla ikinci, Hikmət Musayev isə “Layt Limerick” ləqəbli atla ücüncü yerdə qərarlaşmışdır.
Sonra Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev idmançıları mükafatlandırmışdır. İlk beş yeri tutan idmançılar diplomlar və pul mükafatları, birinci yerlərin sahibləri isə, həmçinin “Yay kuboku” ilə təltif olunmuşlar.
Yarışda qalib adı uğrunda “Sərhədçi” və “Günay” atçılıq klublarının 10 idmançısı iştirak etmişdir.