“Şimal” klubu UEFA Region Kubokunda mübarizə aparacaq
Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC
“Şimal” Futbol Klubu UEFA Region Kubokunun 2024/2025-ci illər mövsümündə Azərbaycanı təmsil edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AFFA Region Liqasının qalibi olan Xaçmaz klubu kubok uğrunda mübarizəyə ilkin mərhələdən başlayacaq. Bu mərhələnin oyunları 28 iyun – 4 iyul tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçiriləcək.
“Şimal” klubunun rəqibləri İsveçin “Göteborq” və Gürcüstanın təmsil edən “Football School Bridge” komandalarıdır. Üç komanda arasında birinci yeri tutan kollektiv UEFA Region Kubokunun əsas mərhələsinə vəsiqə qazanacaq.
Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.
UEFA Region Kuboku uğrunda 36 ölkənin təmsilçisi mübarizə aparır. Turnirin sonuncu qalibi İspaniyanın “Qalisiya” komandası olub.