AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah” klublarını böyük məbləğdə cərimələyib
Bakı, 30 may, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın sonuncu - XXXVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Zirə”-“Səbail”lə 4 futbolçusu sarı vərəqə alan hər iki klubun hərəsi 700 manat cərimə edilib. Bundan başqa, görüş bitdikdən sonra azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri əlavə 1500 manat ziyana düşüb.
Həmçinin “Səbail”in futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün “dənizçilər” daha 500 manat cərimə ödəyəcək.
“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Qəbələ” klubu 700 manat cərimələnib. Qarşılaşmanın 90+5-ci dəqiqəsində “gənclik şəhəri” təmsilçisinin tərcüməçisi Şahin Abdullayev matçın bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubunu isə 1000 manat xərcə salıb. Görüş bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu əlavə 800 manat cərimə edilib.
“Sabah” matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Dieqo Valdes 4 oyun diskvalifikasiya edilib. “Ağ-qaralar” isə 3000 manat cərimə olunub. “Neftçi”nin artıq istefaya göndərilmiş baş məşqçisi Miodraq Bojoviç isə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, klubunun isə 4000 manat cərimə edilməsinə səbəb olub.
Eləcə də “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt klubu daha 3300 manat cərimə ödəyəcək.
Bundan əlavə, “Sabah”ın futbolçuları Kahim Parris, Con İrasabal və Abdula Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Klub futbolçuların bu addımına görə 9000 manat xərcə düşüb. Sınaq müddəti 3 ay təyin olunub. Həmçinin “Sabah” 3 futbolçusu qırmızı, 4 futbolçusu isə sarı vərəqə aldığı üçün daha 3700 manat cərimələnib.
“Turan Tovuz”–“Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz təmsilçisi 800 manat cərimə edilib.