ŞEYXÜLİSLAM A.PAŞAZADƏ BMT-NİN BAŞ KATİBİ PAN Gİ MUNU AZƏRBAYCANA DƏVƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 10-da Moskvada, “Danilovskaya” mehmanxanasında dini liderlərin BMT-nin Baş katibi Pan Gi Munla işgüzar naharı olmuşdur. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsinin sədri, Smolensk və Kalininqrad mitropoliti Kirill, Müqəddəs Taxt-tacın Moskvadakı nümayəndəsi arxiyepiskop Antonio Menini, habelə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və RF xarici işlər nazirinin müavini Aleksandr Yakovenko iştirak edirdilər.
Görüş dünyanın əsas dini icmalarının BMT ilə qarşılıqlı fəaliyyəti yollarının müzakirəsinə həsr olunmuşdu. Bu təşəbbüsü 2006-cı ildə Moskvada keçirilmiş zirvə görüşündə iştirak etmiş dünya dinlərinin nümayəndələri irəli sürmüşdülər.
Söhbət zamanı dini liderlərin Ümumdünya Moskva sammitinin din xadimlərinin BMT ilə daha müntəzəm, ənənəvi dini icmaların rəyinin nəzərə alınmasına kömək edə biləcək tərəfdaşlığının qurulması çağırışını reallaşdırmağın mümkün yolları müzakirə olunmuşdur.
Görüşdə A.Paşazadənin 2009-cu ilin oktyabrına nəzərdə tutulmuş növbəti dinlərarası zirvə görüşünün Bakıda keçirilməsi təşəbbüsü dəstəklənmişdir. Tərəflər BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması haqqında ümumi təşəbbüsü də bəyənmişlər.
Görüş başa çatandan sonra brifinq keçirilmişdir. BMT-nin başçısı səmərəli söhbətə görə görüş iştirakçılarına minnətdarlığını bildirmiş, sülhün və sabitliyin möhkəmlənməsində dinlərarası dialoqun əhəmiyyətini vurğulamışdır.
Elə həmin gün Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə ilə Smolensk və Kalininqrad mitropoliti Kirillin görüşü olmuşdur.
Şeyxülislam A.Paşazadə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, dini liderlərin BMT-nin başçısı ilə işgüzar naharı zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevin salamını Pan Gi Muna çatdırmışdır. Pan Gi Mun ölkəmiz haqqında xoş sözlər söyləyərək xatırlatmışdır ki, Azərbaycanda iki dəfə olmuşdur və dövlətimizin başçısı ilə əməkdaşlıqdan çox razıdır. A.Paşazadə BMT-nin Baş katibini ölkəmizə səfərə dəvət etdiyini bildirmişdir.
A.Paşazadənin sözlərinə görə, Pan Gi Mun və görüşün digər iştirakçıları dini liderlərin növbəti zirvə görüşünün 2009-cu ildə Azərbaycanda keçirilməsi təşəbbüsünü məmnunluqla qəbul etmişlər. Görüşdə BMT yanında Məşvərət Şurasının yaradılması haqqında məsələ geniş müzakirə olunmuşdur. Tezliklə qurumun formalaşdırılması ilə məşğul olacaq işçi qruplar yaradılacaqdır. O xüsusi vurğulamışdır ki, Məşvərət Şurasında İslam dinini Azərbaycan, İordaniya və İranın dini liderləri təmsil edəcəklər.
Allahşükür Paşazadə sonra demişdir: “Bütövlükdə Moskva görüşlərinin nəticələrindən çox razıyam. Mənim belə mötəbər forumda iştirakım Azərbaycana münasibəti, ölkəmizə verilən yüksək qiyməti, onun beynəlxalq birlikdəki nüfuzunu nümayiş etdirir. Azərbaycan BMT yanında Şurada İordaniya və 70 milyon əhalisi olan İran kimi müsəlman dövlətləri və liderləri ilə yanaşı təmsil ediləcəkdir. Hesab edirəm ki, bu, ölkəmizə, onun rəhbərliyinin apardığı tolerantlıq və dini dözümlülük siyasətinə böyük etimad və hörmət əlamətidir, çox yüksək qiymətdir. Bunda, şübhəsiz, Prezident İlham Əliyevin və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş tolerantlıq zəmininin böyük rolu vardır. Bu gün bütün bunlar müsbət nəticələr verir və Azərbaycanı bir çox ölkələrə nümunə göstərirlər. Bu isə o deməkdir ki, ölkəmiz həm öz siyasətində, həm də xalq diplomatiyasında doğru yoldadır. Mən bu uğuru Azərbaycanın, bütün xalqımızın qələbəsi hesab edirəm”.
######
