İQTİSADİYYAT
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivləri ilə bağlı müzakirələr aparılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
Görüş zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb. Tərəflər Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadənin və bu xüsusda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb.
Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.