İQTİSADİYYAT
Şirvan-Muğan qrup su kəmərinin inşası başa çatmaq üzrədir
Salyan, 15 avqust (AZƏRTAC). Dövlət başçısının tapşırığı ilə tikilən Şirvan-Muğan qrup su kəmərinin inşası başa çatmaq üzrədir.
Magistral kəmərin bir hissəsinin istismarı nəticəsində Hacıqabul və Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Avqustun sonlarında isə Biləsuvar şəhərinə içməli su veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, ümumilikdə, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhərini əhatə edən layihə çərçivəsində içməli su və kanalizasiya sisteminin yenidən qurulması, yarım milyona yaxın əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev tərəfindən ötən ilin iyulunda Kür ətrafı rayonları fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Şirvan-Muğan qrup su kəməri layihəsinin təməli qoyulmuşdur. Uzunluğu 107 kilometr olan magistral kəmərin 100 kilometrlik hissəsində işlər artıq başa çatmışdır. Kəmərin 55 kilometri 1200 və 1000 millimetr diametrli metal, 52 kilometrlik hissəsi isə 710 millimetr diametrli polietilen borularla çəkilmişdir. Boruların qaynaq edilən hissəsi ultrasəs aparatı ilə yoxlanılır və hər qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədilə kəmərlərin çəkilişində istifadə olunan borular daxildən izolyasiya edilmişdir. Kəmər boyu kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir. Ətraf kənd və qəsəbələrin davamlı və özüaxımlı rejimdə içməli su ilə təmini məqsədilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilmişdir.
Ümumiyyətlə, Şirvan-Muğan qrup su kəmərinin inşasının avqustun sonunadək başa çatdırılması nəzərdə tutulur.
Yaxın gələcəkdə isə Şirvan, Salyan və Neftçala şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaqdır. Magistral kəmərin tam işə düşməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərləri və 121 yaşayış məntəqəsinin içməli su problemi birdəfəlik həll olunacaqdır.